
Azərbaycan Demokratik Respublikası hökumətinin təşkil olunması
1917-ci ilin payızında M.Ə.Rəsulzadə Rusiya parlamentinə Azərbaycan və Türküstandan millət vəkili seçilmişdir. 1918-ci il mayın 26-da Zaqafqaziya seymi daxili fraksiyaların çəkişmələri nəticəsində ləğv olundu. Həmin ayın 27-də seymin müsəlman fraksiyasına daxil olan müxtəlif partiyaların üzvlərindən ibarət olan Azərbaycan milli şürası yarandı. Səs çoxluğu ilə M.Ə.Rəsulzadə milli şüranın sədri seçildi. 1918-ci il mayın 28-də bütün ölkələrin radio stansiyaları və qəzetləri Azərbaycan istiqlaliyyətinin elan olunmasını dünyaya yaydılar. Bu o demək idi ki, xalqımız öz varlığını, bir xalq kimi mövcudluğunu bütün bəşəriyyətə çatdırır, onun da dünyada müstəqil surətdə yaşayan xalqlar kimi öz etnoqrafik sərhədləri daxilində azad yaşamağa hüququ var. Bitərəf Fətəlixan İsgəndər oğlu Xoyskinin (1875-1920) başçılığı ilə Azərbaycan Demokratik Respublikası hökuməti təşkil olundu. Beləliklə, Azərbaycan xalqı nəinki türkdilli xalqlar arasında, həmçinin, bütün islam aləmində ilk dəfə olaraq respublika üsul-idarəsinə qədəm qoydu. İyunun 17-də Azərbaycan milli şürasının iclasında M.Ə.Rəsulzadə öz alovlu nitqində deyirdi: "Dünya müharibəsi və Rusiya inqilabının təsiri ilə yeni doğulmuş və həyat siyasətinə ilk qədəm basmış olan Azərbaycan qayəsi əhatə olunmaz mühüm dəqiqələr keçirir. Bu yeni türk nüzad siyasəti rişə və buluğ bulub da millətlər zümrəsinə vəsail-həyat olaraq girə biləcək, yoxsa sısqa cocuq kimi südəmər halında tərki-həyat edəcəkdir? İştə bütün zehinləri işğal edən bir məsələ! İştə bir zaman ki, müqəddərat milliliyi əllərinə alanlar üçün Azərbaycan nüzadini tələf etdirməmək kimi müşkül, fəqət müşküllüyü ilə bərabər şərəfli bir vəzifə və məsuliyyət tərtib ediyor" ("Azərbaycan" qəzeti, No41, 1918-ci il).
M.Ə.Rəsulzadə özünün bu alovlu nitqində hələ birinci dünya müharibəsi ərəfəsində "Dirilik" jurnalı səhifələrində qaldırdığı və sonralar isə 1917-ci ilin aprelində Bakıda keçirilən Qafqaz müsəlmanlarının qurultayında yenidən ortalığa atılan "Azərbaycan qayəsi"ndən söhbət açır. Təəssüf ki, bir sıra görkəmli inqilabçıların əsərlərində 1918-ci il mayın 28-nə kimi, yəni Azərbaycan istiqlaliyyəti elan olunana qədər, bu torpağın Azərbaycan adlandırılması barədə, bu xalqın Azərbaycan xalqı olduğu barədə bir kəlmə də yoxdur. Onlar əsas bir məsələni unutmuşlar ki, rus xalqı müstəmləkə xalq deyildi. Onlar yalnız sinfi zidiyyətləri aradan qaldırmaq uğrunda mübarizə aparırdılar. Amma Azərbaycan müstəmləkə idi və hətta ölkənin adı belə xəritələrdən silinmişdi. Müstəmləkə olan bir ölkədə isə ancaq milli azadlıq hərəkatından söhbət gedə bilərdi. Azərbaycan xalqı qarşısında ancaq müstəmləkədən azad olub, öz müstəqil milli dövlətini yaratmaq məsələsi dayanırdı. Bu çətin vəzifəni M.Ə.Rəsulzadənin rəhbərliyi altında qabaqcıl Azərbaycan ziyalıları o dövrdə öz üzərlərinə götürdülər. 1918-ci il dekabrın 7-də Azərbaycan parlamentinin təntənəli açılışında M.Ə.Rəsulzadə demişdir: "Biz o zaman ki, bizim üçün ən yaxşı məsələni – "Azərbaycan muxariyyəti"ni müdafiə edirdik, biz onda sağ və sol tərəfdən amansız tənqidə məruz qalmışdıq.
Sağdan bizə deyirdilər ki, azərbaycanlılıq şüarı ilə siz müsəlmanları parçalayırsınız, türkçülük bayrağı qaldırmaqla – Allah yıxsın – siz İslamn əsasını sarsıdırsınız. Soldan isə bizi məzəmmət edidilər ki, Azərbaycan muxtariyyətini tələb edərək biz vahid demokratik cəbhəni yarırıq. "Müsavat" partiyası birinci olaraq Azərbaycanın müstəqilliyi bayrağını yüksəyə qaldırmışdır. Beləliklə, müsəlman partiyaları arasında Azərbaycan ideyasında fikir ayrılığı yoxdur. Xalqın şüurunda Azərbaycan ideyası artıq möhkəmlənmişdir… Bir dəfə yüksələn bayraq bir daha enməz!" ("Azərbaycan" (rusca) qəzeti, No59, 13 dekabr 1918-ci il). Bakı Dövlət Universitetinin yaranması da M.Ə.Rəsulzadənin adı ilə bağlıdır. Bu məsələ ətrafında o, bir neçə dəfə Azərbaycan parlamentində çıxış etmiş və universitetin açılmasını qəti tələb etmişdir. Universitetin ilk rektoru olmuş professor V.İ.Razumovski 1922-ci ildə çap etdirdiyi "Bakı şəhərində universitetin əsasının qoyulması" adlı xatirə oçerkində yazır: "M.Ə.Rəsulzadənin sayəsində, onun gücü, maarifçilik köməyi ilə "Müsavat" partiyasında universitetin açıq və gizli düşmənləri partiyanın qərarına tabe olmağa məcbur olmuşlar, biz öz tərəfimizdə artıq iki partiyaya malik idik, "Müsavat" və sosialistlər, bu da parlamentdə çoxluğu təmin edirdi" (Bakı Dövlət Universitetinin xəbərləri, No2, 1922-ci il). 1920-ci ilin mart ayında Bakıda rus dilində çapdan çıxmış, "1920-ci il üçün Azərbaycan respublikasının təqvim-ünvanı"nda oxuyuruq ki, M.Ə.Rəsulzadə "Tarixi-filologiya fakültəsində "Osmanlı ədəbiyyatı tarixi"ndən dərs demişdir. Azərbaycan istiqlalının ildönümü ilə əlaqədar olaraq 1919-cu ildə Bakıda bircə nömrəsi çap olunmuş və lakin geniş oxucu kütləsinə çatdırılmamış "İstiqlal" jurnalında M.Ə.Rəsulzadənin "Azərbaycan respublikası" adlı əsəri çap olunmuşdur.
|