.jpg)
1928-ci ildə İstambulda M.Ə.Rəsulzadənin "Azərbaycan respublikasının keçmişi, təşəkkülü və indiki vəziyyəti", "Əsrimizin səyavuşu", "İstiqlal məfkurəsi və gənclik" kitabları çap edilir. 1923-cü ildən onun redaktorluğu ilə İstambulda "Yeni Qafqaziya" jurnalı nəşrə başlayır. M.Ə.Rəsulzadə 1928-ci ildə İstambulda "İnqilabçı Sosializmin iflası və demokratiyanın gələcəyi", "Millət və Bolşevizm" və "Qafqasya türkləri" kimi əsərlərini çap etdirmişdir. Həmin ildə onun redaktorluğu ilə "Azəri türkü" (1928-1931), sonra isə "Odlu yurd" (1929-1930) jurnalları və həftəlik "Bildiriş" (1929-1931) qəzeti də nəşr edilməkdə idi. 1930-cu ildə M.Ə.Rəsulzadənin Parisdə fransız dilində "Azərbaycan və istiqlaliyyəti" və rus dilində "Qafqaz problemi ilə əlaqədar olaraq panturanizm" kitabları çap olundu. 1931-ci ildən M.Ə.Rəsulzadənin mühacirət dövrü Avropa ölkələrində davam edir. Onun redaktorluğu ilə Berlində ayda üç dəfə nəşr edilən "İstiqlal" (1932-1934) qəzeti və "Qurtuluş" (1934-1938) jurnalı çap edilirdi.
1933-cü ildə M.Ə.Rəsulzadənin Berlində çap olunan "Azərbaycan respublikası haqqında bəzi qeydlər" adlı kitabı da böyük maraq doğurur. M.Ə.Rəsulzadə həm də görkəmli ədəbiyyatşünas idi, onun 1936-cı ildə Berlində "Çağdaş Azərbaycan ədəbiyyatı" məqaləsi çap edilmişdir. 1938-ci ildə Belində alman dilində "Azərbaycan problemi" və 1939-cu ildə Varşavada polyak dilində çıxmış "Azərbaycanın hüriyyət savaşı" kitablarının adlarını çəkməmək olmaz. O, 1938-ci ildən Polşa hökumətində məsləhətçi işləmiş, sonralar, 1940-cı ildən Rumıniyada yaşamışdır. Onun 1943-cü ildə İstambulda nəşr olunmuş "İslam-türk ensiklopediyasının" 1-ci cildində "Azərbaycan ləhcəsi" adlı məqaləsi edilmişdir. 1947-ci ildən Ankarayaköçən M.Ə.Rəsulzadənin 1949-cu ildə "Azərbaycanın kultur kələnkləri" adlı kitabı işıq üzü görmüşdür. Onun "Çağdaş Azərbaycan ədəbiyyatı" (1950-ci il) və "Çağdaş Azərbaycan tarixi" (1951-ci il) kitabları həmin illərdə M.Ə.Rəsulzadənin məhsuldar işlədiyini göstərir. O, 1951-ci ildə Ankarada "Azərbaycan şairi Nizami" adlı sanballı monoqrafiyasını çap etdirməklə dünya nizamişünaslığına bir çox yeniliklər gətirmişdir. Həmin ildə M.Ə.Rəsulzadənin Nyu-Yorkda ingilis dilində nəşr olunan "Ukrayna" toplusunun 1951-ci il 3-cü nömrəsinin 7-ci cildində "Azərbaycan respublikası" məqaləsi çap edilmişdir. Londonda ingilis dilində nəşr olunan "Britaniya ensiklopediyası"nda "Müsavat" partiyasının yaranması tarixi və Azərbaycan Demokratik Respublikasının təşəkkülünə aid" məqalə də onun qələmindən çıxmışdır. İkinci dünya müharibəsindən sonra Türkiyədə nəşr edilməkdə olan "Türk ensiklopediyası"nda Azərbaycana aid məqalələrin bir çoxu M.Ə.Rəsulzadə tərəfindən yazılmışdır. Ankarada yaşadığı dövrdə o, "Türk tarix qurumu" və "Türk dili qurumu" ilə yaxından əməkdaşlıq etmişdir. 1952-ci ildən Ankarada nəşr olunan "Azərbaycan" jurnalında xalqımızın tarixi və ədəbiyyatı haqqında bir sil-silə məqaləsini də bura əlavə etsək, M.Ə.Rəsulzadənin heyrətamiz yaradıcılığı haqqında təsəvvür daha da aydınlaşar. O, ikinci dünya müharibəsinə qədər Parisdə rusca nəşr olunan "Qafqaz" (1932-1938) və fransızca buraxılan "Prometey" (1928-1939) jurnallarında öz məqalələri ilə çıxış etmişdir. Onun 1920-ci ildən sonra işlətdiyi açıq və gizli imzalardan "Məhəmməd Əmin Rəsulzadə", "Yalvac oğlu", "Məhəmməd Əmin", "M.Əlif Rəsulzadə" və s. qeyd etmək olar. Ankara universitetinin tibb fakultəsinin klinikasında şəkər xəstəliyindən yatan Məhəmməd Əmin 1955-ci il martın 6-da gecə saat on birə on dəqiqə qalmış üç dəfə "Azərbaycan… Azərbaycan… Azərbaycan…" deyərək əbədiyyətə qovuşdu. Ankara radiosu martın 7-də saat 22-45 dəqiqədə sabiq Azərbaycan milli şürasının sədri M.Ə.Rəsulzadənin vəfat etdiyini təəssüflə bildirdi.
O, Ankara Əsri qəbirstanlığında dəfn edilib. Vəfatı münasibətilə Türkiyədə, İranda və Qərbi Avropa ölkələrində xeyli nekroloq çap olunub. Bunlardan ən maraqlısı S.H.Tağızadənin çap etdirdiyi nekroloqdur. Əsli Ordubaddan olan, özü Təbrizdə dünyaya gəlmiş, M.Ə.Rəsulzadə ilə birlikdə İran məşrutə inqilabının əsas rəhbərlərindən biri hesab edilən, sonralar Pəhləvi üsul-idarəsinin tərəfdarına çevrilən və öz doğma xalqına yad bir adam olan, İranın ən görkəmli dövlət xadimi, diplomatı və alimi sayılan Seyid Həsən Tağızadə "Sühən" jurnalında yazırdı: "Rəsulzadə, bütün ömrüm boyunca, Şərq dünyasında tayına rastlaşmadığım, mübaliğəsiz söyləyə biləcəyim fövqəladə nadir insanlardan biri idi. Məmməd Əmin bəy tərbiyəli, qüvvətli və sağlam məntiq sahibi, təmiz qəlbi, doğru sözlü, mətanətli, tam mənasıyla dürüst, fikir və yoluna dərin bir iman bəsləyən fədakar, mücahid və örnək bir insandı. Belələrinə zəmanəmizdə və hələ bizim tərəflərdə rast gəlmək mümkün deyildir" ("Sühən" jurnalı, tehran, No4, 1955-ci il). 1978-ci ildə, ölümündən 23 il sonra: - Ankarada M.Ə.Rəsulzadənin "Milli təsanüd" ("Milli həmrəylik") adlı kitabı nəşr olundu. 1985-ci ildə dünyanın ən qədim universitetlərindən biri olan Oksfordda M.Ə.Rəsulzadənin "Qafqaz problemi ilə əlaqədar olaraq panturanizm" adlı kitabı ingilis dilində ön sözlə, rus dilində ikinci dəfə çap edilmişdir. M.Ə.Rəsulzadənin 1989-cu ildə "Əsrimizin Səyavuşu" və 1990-cı ildə isə "Azərbaycan respublikasının keçmişi, təşəkkülü və indiki vəziyyəti" adlı kitabları Ankarada yenidən işıq üzü görmüşdür. Azərbaycan milli dövlətinin yaradıcısı, xalqımızın böyık oğlu və görkəmli mütəfəkkir Məmməd Əmin Rəsulzadənin ədəbi-tarixi irsini geniş oxucu kütləsinə çatdırmağın vaxtı çoxdan gəlib çatmışdır. Bu baxımdan ilk dəfə xalqımıza təqdim olunan M.Ə.Rəsulzadənin "Əsrimizin Səyavuşu" (Türk dilindən tərcümə edən Mayis Əlizadə), "Çağdaş azərbaycan ədəbiyyatı" və "Çağdaş Azərbaycan tarixi" (hər iki əsəri türk dilindən tərcümə edən Paşa Əli oğludur) əsərləri inanırıq ki, geniş oxucu kütləsi tərəfindən rəğbətlə qarşılanacaqdır.
Dahi rəhbərin ölməz xatirəsi 1993-cü ildə Türkiyə Cümhuriyyətində tikilmiş məktəbə ( Mehmet Emin Resülzade Anadolu Lisesi ) onun adının verilmısi ilə əbədiləşdirilmişdir.
Rəsulzadənin dilindən deyilmiş olan Sən bizimsən, bizimsən durduqca bədəndə Can,Yaşa - yaşa çox yaşa,ey şanlı Azərbaycan! və Bir kərə yüksələn bayraq bir daha enməz şüarları xalqın içində çox məşhurdur.
|