M.Ə.Rəsulzadə İranda
1908-ci ilin axırında M.Ə.Rəsulzadə çar üsul-idarəsi tərəfindən onun həbs olunması təhlükəsi ilə əlaqədar olaraq Bakını tərk edərək İrana yola düşür. O, İranda şahlıq üsul-idarəsinə qarşı başlanmış məşrutə inqilabının əsas rəhbərlərindən biri olur. M.Ə.Rəsulzadə Təbrizdə xalqımızın milli qəhrəmanı Səttarxanla və onun silahdaşları ilə görüşür. Cənubi Azərbaycanın şəhər və kəndlərini gəzir, öz doğma xalqının acınacaqlı vəziyyətini yaxından müşahidə edir. Bu müşahidələr sonralar M.Ə.Rəsulzadənin ədəbi yaradıcılığında təsirsiz qalmır. Məmməd Əmin Rəsulzadə Avropa təhsili görmüş bir qrup İran ziyalısı (Seyid Həsən Tağızadə, Hüseynqulu xan Nəvvab, Süleyman Mirzə, Seyid Məhəmməd Rza və b.) ilə birlikdə 1910-cu ilin sentyabr ayında İran demokrat partiyasının əsasını qoyur. O, bu partiyanın əsas orqanı olan "İrane Nou" və "İrane Ahat" qəzetlərinin baş redaktoru olur. Həmin qəzetlərdə M.Ə.Rəsulzadənin çoxlu məqalələri, şer və publisistik yazıları çap olunmuşdur. O, öz qələmi ilə İranda Avropa tipli jurnalist sənətinin əsasını qoymuşdur. Sonralar Seyid Həsən Tağızadə (1878-1969), M.Ə.Rəsulzadənin xatirəsinə həsr etdiyi nekroloqda yazacaq: "Modern Avropa qəzet formasını ilk dəfə İrana gətirən M.Ə.Rəsulzadə olmuşdur" ("Sühən" jurnalı, Tehran, 1955-ci il, No4). İranda həmin il mürtəce "Etidaliyyun" ("Mötədillər") pariyası təşkil edildi. Bununla əlaqədar M.Ə.Rəsulzadə Tehranda 1910-cu ildə fars dilində "Tənqidi-firqeyi-etidaliyyun" adlı kitabını çap etdirmişdir. 1911-ci ildə isə Ərdəbildə müəllifin farsca "Səadəti-bəşər" adlı kitabı nəşr olunmuşdur.
M.Ə.Rəsulzadə Türkiyədə
Çar hökuməti İrandakı inqilabi hərəkatdan qorxuya düşərək onun əsas rəhbərlərindən biri olan M.Ə.Rəsulzadənin ölkədən xaric olunmasını şahlıq üsuli-idarəsindən tələb eləyir. M.Ə.Rəsulzadə təqiblərdən yaxa qurtarmaq üçün İstambula gedir. O, Türkiyə paytaxtında həmyerliləri Əlibəy Hüseynzadə və Əhmədbəy Ağayevlə görüşmüş, Yusifbəy Ağçura oğlu (1876-1935), Ziya Göyalp (1876-1924) və başqa görkəmli alimlərlə yaxınlıq etmişdir. M.Ə.Rəsulzadə "Gənc türklər" təşkilatına rəğbət bəsləmiş, "Türk ocağı" cəmiyyətində çalışmış və onun əsas orqanı olan, 1911-ci ilin noyabr ayından nəşrə başlayan "Türk yurdu" jurnalının fəal yazarlarından biri olmuşdur. Onun bu jurnalın səhifələrində bir neçə məqaləsi çap olunmuşdur. Bunlardan "İran türkləri" (1911-ci il, No4) məqaləsi xüsusilə maraq doğurur. Həmin məqalədə müəllif türk oxucularına Cənubi Azərbaycanın ümumi coğrafiyası və əhalisi haqqında ətraflı məlumat verir və yazır: "Azərbaycanın Qafqaziyada vaqe Rusiya tabeliyində olan bir qismi də İrəvan, Gəncə və Bakı vilayətləri təşkil ediyor" (səh. 108).
O vaxt Türkiydə çap olunmuş kitablarda və mətbuatda, həmçinin məşhur türk ensiklopedisti Şəmsəddin Saminin "Qamusi-aləm"inin birinci cildində (İstambul, 1889-cu il,səh.67) "Azərbaycan" məfhumu altında ancaq Araz çayından cənubda yerləşən ərazi nəzərdə tutulurdu. M.Ə.Rəsulzadə, xeyli sonra, 1918- ci il oktyabrın 13-də Bakıda çap olunan "Azərbaycan" qəzetində də bu məsələyə toxunur: "İslam mərkəzi İstambulda Qafqaziya, xüsusən Azərbaycan haqqında məlumatlar çox azdır". İstambulda olarkən M.Ə.Rəsulzadə görkəmli islam mütəfəkkiri Şeyx Cəmaləddin Əfqaninin (1836-1897) "Vəhdəti cinsiyə fəlsəfəsi"ni ("Milli birlik fəlsəfəsi"ni) farscadan türkcəyə tərcümə edir, öz doğma xalqının məişətindən alınmış "Acı bir həyat" əsərini yazır (bu əsər 1912-ci ildə Bakıda nəşr edilir). 1913-cü ildə Romanovlar sülaləsinin 300 illiyi ilə əlaqədar əfv-ümumidən sonra M.Ə.Rəsulzadə vətənə qayıdır. O, hələ İstambuldan onun göstərişi ilə 1911-ci ilin oktyabrında keçmiş hümmətçilər Tağı Nağıyev, Məhəmməd Əmin Rəsulzadə və Abbasqulu Kazımzadə tərəfindən əsası qoyulan "Müsəlman demokratik "Müsavat" partiyası"na daxil olmuş və tezliklə onun rəhbərinə çevrilmişdir (Məhəmməd Əmin Rəsulzadə. "Müsavat" partiyasının quruluşu , "Azərbaycan", Ankara, No15(167), 1966-cı il, səh. 12-18). Bu illərdə M.Ə.Rəsulzadə ədəbi-publisistik fəaliyyətini də davam etdirir. "Yeni lisançılar və türkçülər" məqaləsini, Təbriz həyatından bəhs edən "Bir xan" adlı kiçik hekayəsini, "Dil - ictimai bir əməldir" yazısını "Şəlalə" jurnalında çap etdirir. Sonuncu məqalədə o, Azərbaycan dilini göz bəbəyi kimi qorumağı xalqının qarşısında ən mühüm problem kimi qaldırır.
Bundan başqa, o proletar ədibi M.Qorkinin "Ana" əsərindən bir parçanı Azərbaycan dilinə çevirib çap etdirir. Bu tərçümənin o illərdə Azərbaycan ədəbiyyatına müəyyən təsirini də inkar etmək olmaz. 1914-cü il sentyabrın 16-da şair, yazıçı və jurnalist Əlabbas Müznibin (1882-1938) redaktorluğu ilə ayda iki dəfə nəşr edilən ədəbi-ictimai, iqtisadi, tarixi və siyasi jurnal olan "Dirilik"in birinci nömrəsi çapdan çıxdı. M.Ə.Rəsulzadənin "Dirilik nədir?" adlı baş məqaləsi jurnalın ideya istiqamətini müəyyənləşdirirdi və xalqımızı milli oyanışa çağırırdı. O, bu jurnalın səhifəlrində çap etdirdiyi "Milli dirilik" başlığı altındakı baş məqalələrdə "Azərbaycan qayəsi"ni yayırdı. Mirzə Davud Hüseynov 1927-ci ildə Tiflisdə, rus dilində çap olunmuş ""Müsavat" partiyası keçmişdə və bu gün" adlı kitabında yazır ki, guya 1917-ci ilə qədər "Rəsulzadə üçün Qafqazın tərkibində Azərbaycanın mövcud olması ideyası yox idi. Azərbaycan adı altında o vaxt ancaq İran Azərbaycanı başa düşülürdü. Əlbəttə, bu yanlış fikirdir. Yuxarıda göstərdiyimiz kimi, M.Ə.Rəsulzadə hələ 1911-ci ildə İstambulda "Türk yurdu" jurnalında çap etdirdiyi "İran türkləri" məqaləsində Azərbaycanın Qafqazın tərkibində olmasını qeyd etmişdir. Bunu da göstərmək lazmıdır ki, hələ M.Ə.Rəsulzadədən qabaq maarifçi ziyalılarımızda azərbaycanlılıq qayəsi rişə halında olsa da, var idi. Ancaq bunu tam şəkildə siyasət meydanına M.Ə.Rəsulzadə gətirdi. M.Ə.Rəsulzadə 1915-ci ilin avqustundan "Açıq söz" qəzetini nəşr edir ki, bu da əslində gizlin fəaliyyət göstərən "Müsavat" partiyasının orqanı idi.
M.Ə.Rəsulzadənin Bakıya qayıdışı
1917-ci ildə fevral burjua inqilabı baş verdi. Silah və zor gücünə kiçik xalqların torpaqlarını işğal edib, dünyanın altıda bir hissəsinə çevrilmiş Böyük Rusiya imperiyası dağılmağa üz qoydu… Əsən azadlıq mehi müstəmləkə halında inləməkdə olan xalqlarda öz müstəqil dövlətlərini yaratmaq arzusu baş qaldırmışdı. Həmin ilin martında açıq fəaliyyətə başlamış "Müsavat" partiyasının orqanı "Açıq söz" qəzeti yazırdı: "Şimdiyə qədər qayəmiz, amalımız məlum olmayan, hüriyyət nədir, təşkilat nədir bilməyən və ümumi millətimizə dəstur olacaq milli və siyasi proqramımız bulunmayan, bulunsa da mindən birimizin belə xəbəri olmayan biz müsəlmanlar müdhiş inqilab tufanları içərisində kompassız ortada qaldığımızdan hara gedib çırpınmağa, hansı tərəfə vurnuxmağı bilməyib, cəmiyyətlərimiz də divanələr dəstəsi kimi boğaz-boğaza gəlmişlər ("Açıq söz" qəzeti", No431, 1917-ci il). Həmin ildə Gəncədə Nəsibbəy Yusifbəylinin (1881-1920) rəhbərliyi altında "Türk Ədəm Mərkəziyyət (federalist – M.Əliyev) partiyası fəaliyyətə başladı. Partiya öz proqramı ilə xalqı tanış etmək üçün Gəncənin Şah Abbas məscidinin həyətində böyük mitinq keçirdi. Bu mitinq "Yaşasın demokratik respublika", "Yaşasın Azərbaycan muxtariyyəti", "Yaşasın Türk Ədəm Mərkəziyyət partiyası" şüarları altında keçirilmişdir ("Baku" qəzeti, No80, 12 aprel, 1917-ci il).
1917-ci ilin aprelində Bakıda Qafqaz müsəlmanlarının qurultayı çağırıldı. Qurultay M.Ə.Rəsulzadənin təklifi ilə Rusiyanı federativ şəkildə təşkil etmək haqqında qərar çıxardı. Bu qurulutayda "Azərbaycan qayəsi" məsələsi yenidən ortalığa atıldı. Həmin ilin mayında maarifpərvər Azərbaycan varlılarından Şəmsi Əsədullayevin (1840-1913) Moskva müsəlman xeyriyyə cəmiyyətinə bağışladığı əzəmətli binada Rusiya müsəlmanlarının qurultayı açıldı. M.Ə.Rəsulzadə Rusiyanı federativ şəkildə qurmaq haqqında məruzə ilə çıxış etdi. Qurultay səs çoxluğu ilə M.Ə.Rəsulzadənin "Türk-tatarlığı, Türküstan, Qazaxıstan, Başqırdıstan və Azərbaycan-Dağıstan kimi bir neçə muxtariyyətlərdən ibarət olacaq gələcək Rusiyanı federativ şəkildə qurmaq" barəsində təklifini qəbul etdi. O, həmin dövrdə özünün "Cəmaət idarəsi" və "Bizə hansı hökümət faydalıdır?" kitablarını çap etdirmişdir. M.Ə.Rəsulzadənin Moskva müsəlman qurulutayında etdiyi məruzə Əhməd Salikovun çıxışı ilə birlikdə "Şəkli idarə haqqında iki baxış" adı altında həmin dövrdə çap olunmuşdur. Həmin ayda M.Ə.Rəsulzadənin redaktorluğu ilə "Qardaş köməyi" jurnalı çap olundu. Jurnalın təəssüf ki, bircə nömrəsi çıxdı. 1917-ci il iyunun ikinci yarısında "Müsəlman demokratik "Müsavat" partiyası" ilə "Türk Ədəm Mərkəziyyət partiyası" birləşib, "Türk Ədəm Mərkəziyyət partiyası "Müsavat" adı altında çıxış etməyə başladı ("Açıq söz" qəzeti, No501, 18 iyun, 1917-ci il). Onun şöbələri nəinki Azərbaycanın bütün qəzalarında və hətta Rusiyanın Həştərxan, Stavropol şəhərlərində, Ukaryananın, Gürcüstanın və Ermənistanın paytaxtlarında, Türküstanın mərkəzi Daşkənddə, Cənubi Azərbaycanın mərkəzi Təbrizdə, İranın Gilan vilayətinin mərkəzi Rəştdə və Türkiyənin paytaxtı İstambulda təşkil olundu. O, burjua xadimi kimi onu damlamağa çalışanlara cavab olaraq yazırdı ki, mən kasıbçılığın üzündən ali təhsil də ala bilməmişəm, öz pulu ilə Rusiyada və Qərbi avropada təhsil alıb və bu gün özünü bolşevik kimi qələmə verən sizləri nə adlandırmaq olar ("Açıq söz" qəzeti No549, 24 avqust 1917-ci il). Bunu da qeyd etmək lazımdır ki, onun "MAR", "MAR-zadə", "M.R-zadə" "Haman", "Sosialist" və s. kimi gizli imzalarla xeyli məqalələri müxtəlif dövrü mətbuatın səhifələrində çap olunmuşdur. 1917-ci il oktayabrın 26-dan 31-ə qədər 500 nümayəndənin iştirakı ilə Bakıda təntənəli surətdə keçirilən "Türk Ədəmi Mərkəziyyət partiyası "Müsavat"ın birinci qurulutayında Məhəmməd Əmin Rəsulzadə Mərkəzi Komitənin sədri seçilmişdir. Bu qurultaydan sonra Bakıda və Azərbaycanın bütün qəzalarında "Azərbaycana muxtariyyət" şüarı altında xalqımızın milli hərəkatı başlanmışdır.Həmin dövr xalqımızın tarixinə Milli Azərbaycan hərəkatı kimi daxil olmuşdur.
M.Ə.Rəsulzadə və Stalin
1920-ci ildə aprel hadisələrindən sonra M.Ə.Rəsulzadə Lahıcda həbsə alındı. Onun tutulması xəbəri həmin ilin noyabrın əvvəllərində Vladiqafqaz (indiki Orconikidze) şəhərində olan İ.V.Stalinə çatdırıldı. Stalin heç kəsə xəbər vermədən Bakıya gələrək, XII Ordunun xüsusi şöbəsinin rəisi V.Pankratova RSFSR-i Millətlər Komissarlığı adından göstəriş verdi və özü şəxsən həbsxanaya gedib M.Ə.Rəsulzadəni azad etdi. Bununla İ.V.Stalin 1905-ci ildə onu ölümdən qurtaran keçmiş inqilabçı dostu M.Ə.Rəsulzadənin qarşısında öz tarixi vicdan borcunu yerinə yetirdi. O, M.Ə.Rəsulzadəni özü ilə birlikdə Moskvaya apardı və RSFSR Millətlər Komissarlığında mətbuat müvəkkili vəzifəsinə təyin etdi. M.Ə.Rəsulzadə RSFSR Millətlər Komissarlığına tabe olan Moskva Şərqşünaslıq (keçmiş Lazarev) institutunda da fars dilində dərs demişdir. RSFSR-in Millətlər Komissarlığının orqanı olan "Yjdsq djcnjr" jurnalının 1922-ci il 1-ci nömrəsində xəbər verilir ki, 2-ci nömrədə M.Ə.Rəsulzadənin "Qədim İranın kommunistləri" adlı məqaləsi çap olunacaq. Məzdəkizm hərəkatından bəhs edən bu məqalə çap olunmamışdır. Bunu M.Ə.Rəsulzadənin mühacirətə getməsi ilə izah etmək olar. M.Ə.Rəsulzadənin xaricə getməsinin düzgün təfsilatı onun vəfatı münasibəti ilə məşhur Azərbaycan ədəbiyyatşünası, Türkiyədə vəfat etmiş Əbdülvahab Yurdsevərin (1898-1976) xatirə yazısında öz əksini tapmışdır. O yazır: "Müsavat" partiyasının gizli mərkəzi komitəsinin ən mühüm təşəbbüslərindən biri M.Ə.Rəsulzadəni Moskvadan qaçırmaq olmuşdur. Əvvəlcə bir yoldaş vasitəsilə, sonra isə sabiq Parlament üzvü, mərhum Rəhimbəy Vəkilovu (1897-1937) və Bakı əsgəri təşkilatının rəisi, şəhid yoldaşımız doktor Dadaş Həsənzadəni (1898-1926) bir qədər pul ilə Moskvaya göndərmək surətilə M.Ə.Rəsulzadə ilə təmasda olmuşlar. Məmməd Əmin Rəsulzadəyə təklif olunmuşdur ki, elmi-tədqiqat adı ilə Leninqrada getsin. Onun oradan rəhmətlik tatar maarifçilərindən Musa Cərurullah Bigiyevin (1875-1949) müyəssər yardımı ilə və qayıqla Fin körfəzi üzərindən üzərək Finlandiyaya qaçırılması təmin edilmişdir ("Azərbaycan" jurnalı, Ankara, No3, 1955-ci il). Sonralar SSRİ-də baş vermiş faciəli hadisələr göstərdi ki, bu, yeganə düzgün yol idi. Heç şübhəsiz, M.Ə.Rəsulzadə 1925-ci ildən sonra sağ qalmayacaqdı. Beləliklə, M.Ə.Rəsulzadənin mühacirət dövrü başlanır.
|